top of page

Yahova Şahidləri

Tarixi Məlumat

Yahova şahidləri dini məzhəbi XIX əsrin 70-80-ci illərində ABŞ-da yaranmışdır. Bir çox xristian məzhəbləri ayrılmalar (məsələn, lüteranlıq – katolisizmdən, baptizm – kalvinizmdən, adventistlər və əllincilər basptizmdən) yarandığı halda, Yahova şahidləri məzhəbi belə yaranmamışdır. Bu məzhəbə o zaman ABŞ-da mövcud xristian məzhəblərinə ümidlərini itirmiş insanlar qoşulmuşdu. Onun əsası Çarlz Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. O, öz dini ideyalarını ilk dəfə 1874-cü ildə nəşrdən çıxmış “Allahın qayıtmasının məqsəd və qaydası” adlı kitabçasında şərh etmişdir. Rasselin ətrafına ardıcıllarından ibarət bir qrup toplanaraq, özlərini “Bibliya tədqiqatçıları” dərnəyi adlandırırlar. Rassel 1884-cü ildə öz dini təşkilatını Pittsburq (Pensilvaniya ştatı) şəhərində “Keşikçi qülləsi, Bibliya və kitabçalar cəmiyyəti” adı ilə qeydiyyatdan keçirir. Rassel bu cəmiyyətin ilk prezidenti olur. İkinci prezident İosif Ruterfordun zamanında, 1931-ci ildə cəmiyyətin adı dəyişdirilərək, “Yahova şahidləri cəmiyyəti” adlandırılır. Hazırda məzhəb bu ad altında tanınır.

Keçmiş SSRİ ərazisində ilk Yahova şahidləri icması 1927-ci ildə təşkil olunmuşdur. İkinci dünya müharibəsi ərəfəsində Yahova şahidləri icmaları əsasən Ukrayna, Belarus, Moldovo, Baltikyanı respublikalarda cəmləşmişdi. Müharibədən sonra bu məzhəbin ardıcıllarına qarşı geniş təqib kampaniyası aparılır. Onlar ölkə ucqarlarına sürgün olunurlar. Nəticədə yuxarıda adı çəkilən ərazilərlə yanaşı Rusiyanın Avropa hissəsində, Qazaxıstan, Sibir və Uzaq Şərqdə və hətta Kamçatka yarımadası və Saxalin adasında Yahova şahidləri icmaları yaranır. Əgər 1946-cı ildə bütün SSRİ ərazisində Yahova şahidlərinin toplantılarına 8633 nəfər gəlirdisə, 1956-cı ildə onların sayı artıq 17 min nəfərdən çox idi. Cəmiyyət 1989-cu ildən açıq fəaliyyətə keçmişdir.

Təşkilatı

Cəmiyyət üzvlərinin məlumatına görə dünyada Yahova şahidləri cəmiyyəti üzvlərinin sayı 14 milyondan çoxdur. Dünyanın 230 ölkəsində bu məzhəbin ardıcılları yaşayır.

Yahova şahidləri icmaları beynəlxalq miqyasda vahid dini təşkilatda birləşmişlər. Bu təşkilat “Yahova şahidlərinin Beynəlxalq cəmiyyəti” adlanır. Onun Ali orqanı – “Rəhbərlik Şurası”  Nyu-Yorkda, Bruklində yerləşmişdir. Rəhbərlik şurası dünya üzrə Yahova şahidləri icmalarına “Keşikçi Qülləsi” və “Oyanın!” jurnalları vasitəsilə rəhbərlik edir. “Keşikçi qülləsi” 125 (20 milyon tiraj), “Oyanın!” (13 milyon tiraj) 80 dildə nəşr olunur. Rəhbərlik Şurasının qərarları möminlər üçün qanun hesab olunur.

Ayrı-ayrı ölkələrdə icmalara “Rəhbərlik Komitəsi” başçılıq edir. Komitəyə sədr rəhbərlik edir. Sədr icmalarda seçki yolu ilə deyil, ali təsisat tərəfindən təyin edilir.

Teoloji Əsasları

Yahova şahidləri dini təlimini dörd teoloji qata bölmək mümkündür. Birinci qat – antik xristian qatıdır. Digər xristian məzhəblərindən fərqli olaraq, Yahova şahidləri məzhəbində antik xristian qatından az təlim qalmışdır. Bu məzhəbdə xristianlığın təməlini təşkil edən Üçlük, ruhun ölməzliyi, axirət həyatının Cənnət və Cəhənnəmə bölünməsi, İsa Məsihin Allah-İnsan olması, İsa Məsihin fiziki bədəndə ikinci zühuru və Onun qeyri-müəyyən vaxtda gəlməsi ideyası inkar edilir. Bununla belə, Yahova şahidləri digər xristianlar kimi Bibliyanı yeganə Müqəddəs Kitab hesab edir, mələklər və iblislərin (Yahova şahidləri yeganə xristian məzhəbidir ki, İblisin adını böyük həriflərlə yazırlar) mövcudluğunu, peyğəmbərlər haqqında təlimi təsdiq edir, İsa Məsihin birinci zühuruna və Onun qurbanlıq quzutək bəşəriyyəti günahlardan təmizləməsinə inanırlar.

Yahova şahidləri təlimində ikinci teoloji qat – protestant qatıdır. Yahova şahidləri özlərini protestantlığa aid etməsələr də, onun izlərini təlimlərində görmək mümkündür. Bunlar aşağıdakılardır: 

  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi.

 

Lakin sonuncuda Bibliyanı şərh etmək hüququ hamıya deyil, şahidlərin səma sinfinə, yəni “Rəhbərlik Şurasına” verilmişdir.

 

Yahova şahidləri dini təlimində üçüncü teoloji qat – adventist qatıdır. Bura aşağıdakılar daxildir:

  • yeniyetmələrin vəftiz olunmasının mümkünlüyü;

  • Ruh haqqında təlim (ruh bədəndən ayrı mövcud ola bilməz və o bədənlə birgə ölür);

 

Yahova şahidləri dini təlimində başqa xristian məzhəblərində müşahidə edilməyən təlimlər vardır ki, onlar dördüncü – xüsusi teoloji qatı əmələ gətirir. Bunlar aşağıdakılardır:

  1. Allah haqqında təlim;
  2. İsa Məsih haqqında təlim;
  3. İsa Məsihin ikinci gəlişi (zühuru) haqqında təlim;
  4. Armagedon haqqında təlim;
  5. Axirət həyatı haqqında təlim;
  6. Rəbbin süfrəsi haqqında təlim;
  7. 1914-cü il haqqında təlim.

 

Allah Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimin əsas ideyası – Üçlüyün inkarıdır. Allah təkdir və O, vahid Ruhi Şəxsiyyət kimi mövcuddur. Başqa xristian məzhəblərinin Allah-Ata adlandırdıqları məbud – Tək vahid Allahdır. Allah Xaliq və dünyanın hökmdarıdır. “Müqəddəs Ruh” və ya “Allahın Ruhu” ifadələri Vahid Allahın başqa hissələrini deyil, Tək Allahın gücünü göstərir. İsa Məsihə gəldikdə isə O Allah deyildir. Bəs onda O kimdir? Bu xüsusi təlim olub, onun haqqında bir qədər sonra.

Allaha Onun adı ilə müraciət edilməlidir. Onun adı – Yahovadır. Baptistlər kimi Yahova şahidləri də Allahı bədənsiz hesab edirlər və O heç vaxt insan qiyafəsində insanların yanına gəlməmişdir. Ona görə də Onun təsviri yoxdur və ola da bilməz.

İsa Məsih Haqqında Təlim (Xüsusi Qat)

Öz təbiətinə görə İsa Məsih nə Allah, nə Allah-İnsan, nə də İnsandır. Əgər O Allah və ya insan deyilsə, bəs onda O, kimdir və ya nədir? O – mələkdir. Lakin O sıravi mələk deyildir. İsa Məsih - ən Ali mələkdir. Bütün mələklər Allahın xəlq etdikləridir. Ona görə də İsa Məsihi Allahın oğlu adlandırmaq olar. Lakin Allah-Oğul adlandırmaq olmaz. İsa Məsihin ikinci adı Söz (başqa xristian məzhəbləri də bunu qəbul edir), üçüncü adı – Mikayıldır. 1914-cü ildə İsa Məsih Yahovadan “səma sultanı” titulunu almış və Yahovanın göstərişi ilə İblisi və şeytanları göydən Yerə qovmuşdur. Onlar indi orada yaşayır və fitnə-fəsad törətməklə məşğuldurlar. 

Möminlər İsa Məsihə ehtiram göstərməlidirlər, amma bu ehtiram həddi aşmamalıdır. İsa Məsihlə bağlı moizə və söhbətlərdə Onun haqqında hörmətlə danışılmalıdır. Onun adı dualarda səsləndirilməlidir. Lakin İsa Məsihə yalvarmaq və Ondan kömək istəmək olmaz. Yalnız Yahovaya dua etmək və Ondan kömək diləmək lazımdır. 

Yahova şahidləri bütün xristianların İsa Məsihin şərəfinə qeyd etdikləri Milad, Pasxa və digər bayramları və çarmıxa və ikonaya ehtiramı bütpərəstlik adətləri hesab edirlər. Bunu onunla əsaslandırırlar ki, Bibliyada onlar haqqında göstərişlər yoxdur.

İsa Məsihin İkinci İştirakı Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimin qayəsi odur ki, İsa Məsihin insanlarla birinci rabitəsini Onun Gəlişi və ya Zühuru adlandırmaq mümkündür. Onun insanlarla ikinci rabitəsini Gəliş və ya Zühur adlandırmaq düzgün deyildir, bu yalnız “iştirak” adlandırıla bilər. Çünki zühur – eyni zamanda həm fiziki, həm də ruhani rabitədir, iştirak isə yalnız ruhani rabitədir. Yahova şahidlərinin nəzərincə, başqa xristian məzhəbləri İsa Məsihin İkinci Zühurunu yanlış olaraq gözləyirlər. Bu hadisə baş verməyəcəkdir. İsa Məsihin İkinci iştirakına gəldikdə isə o artıq 1914-cü ildə başlamışdır. İsa Məsih ruhani iştirak etdiyinə görə gözəgörünməzdir. Yerdə xristian qaydalarının bərqərar olması Onun ruhani iştirakının ifadəsidir. “Xristian qaydalarının bərqərar olması” dedikdə isə Yahova şahidlərinin Beynəlxalq cəmiyyətinin mövcudluğu başa düşülür. 

Başqa dini məzhəblərin “Dünyanın axırı” adlandırdığı hadisəni, Yahova şahidləri “cisimlər sisteminin axırı” adlandırırlar. İsa Məsihin İkinci iştirakının başlanğıcı ilə “cisimlər sisteminin axırı”nın başlanğıcı arasında “hazırlıq dövrü” adlanan zaman kəsiyi keçməlidir. Hazırlıq dövrünün sonunu Yahova şahidləri “Son günlər” adlandırırlar. Biz məhz indi həmin dövrü, yəni “son günlər”i yaşayırıq.

Armagedon Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimə görə cisimlərin bu sisteminin sonu işıq qüvvələri ilə zülmət qüvvələri arasında Müqəddəs Müharibə - Armagedon nəticəsində gələcək. Armagedon dövrünü Yahova şahidləri “Böyük hüzn zamanı” adlandırırlar. İşıq qüvvələri – Məsih və mələklər, zülmət qüvvələri – İblis, şeytanlar və kafirlərdir. Bu müharibədə zülmət qüvvələri məğlub ediləcəklər. Kafirlər həmin an məhv ediləcək. İblis və şeytanlar əsir ediləcək və 1000 il ərzində Dibsiz Cəhənnəm quyusuna salınacaq və sonra məhv ediləcəklər.

“Armagedon” sözünün tərcüməsi yoxdur. Bu söz Bibliyada yalnız bir yerdə işlədilmişdir: “Və onları, ibranicə Har Megidon adlanan yerə topladılar...” (Vəhy 16:16). Armegedon nə vaxt baş verəcək? Cavab: Tezliklə. Lakin onun günü və saatını Yahovadan başqa heç kim bilmir. Son illərə kimi deyilirdi ki, 1914-cü il ətrafında doğulmuş insanların həyatı ərzində bu hadisə baş verəcəkdir.

Axirət Həyatı Haqqında Təlim (Xüsusi Qat)

Bir çox cəhətlərinə görə Yahova şahidlərinin axirət həyatı haqqında baxışları adventistlərə uyğun gəlir. Lakin o bütövlükdə orjinallığı ilə seçilir. Bu təlimin birinci hissəsində, adventistlərin təlimində olduğu kimi, söhbət axirət həyatının başlanması vaxtından gedir. Adventistlər təlimində axirət həyatı İsa Məsihin ikinci zühuru ilə başlayacaq, Yahova şahidləri təlimində isə o, 1918-ci ildə başlamışdır, amma hələ tam gücü ilə işə düşməmişdir. İsa Məsih 1918-ci ildə görkəmli möminləri diriltmiş və onları Özünün səma səltənətində yerləşdirmişdir. İsa Məsihin səma səltənətində 144 min seçilmişin yerləşdiriləcəyi gözlənilir. Bu rəqəm Bibliyadan götürülmüşdür. Orada deyilir ki, “İsrail oğullarının bütün qəbilələrindən yüz qırx dörd min nəfər möhürlənmişdi” (Vəhy 7:4). Bu seçilmişlər İsa Məsihin rəhbərlik etdiyi mükəmməl səma hökumətinin üzvləridir. Hökumət üzvlərinin çoxu artıq öz yerlərini tutmuşdur. Bəziləri isə hələ yerdədirlər.

Təlimin ikinci hissəsində, adventistlər təlimində olduğu kimi, Cəhənnəmin mövcudluğu inkar edilir. Yahova təliminə görə Cənnət iki səviyyədə olacaq: Səma və Yer. Səma Cənnəti artıq fəaliyyətdədir və orada Yahova qarşısında xüsusi xidmətləri olmuş möminlər yerləşdirilmişdir. Yer Cənnəti Armagedondan sonra yaradılacaq. Bu tədricən baş verəcəkdir. Ora qalan möminlər köçürüləcəklər. Səma Cənnətinin sakinlərini, Yahova şahidləri, “kiçik sürü” və ya möminlərin “səma sinfi” adlandırırlar. Səma sürüsü Məsihin 144 min mömindən ibarət “Nazirlər Kabineti”dir. Yer Cənnətinin sakinlərini “böyük sürü” və möminlərin “yer sinfi” adlandırırlar. Bunlar gələcək birləşmiş Səma-Yer səltənətinin sıravi vətəndaşlarıdır. Əgər Səma Cənnətində sakin olanların sayı məhduddursa (144 min nəfər), Yer Cənnətində bu məhdudiyyətlər yoxdur. Bütün Yer kürəsinin sakinləri Yer cənnətinə daxil ola bilər. Bundan ötrü onlar Yahova şahidlərinin dini təlimini qəbul etməli və ona uyğun həyat-tərzi sürməlidirlər.

Təlimin üçüncü hissəsində, adventistlərdə olduğu kimi, axirət həyatında möminləri gözləyən mükafatdan danışılır. Əgər təlimin ikinci hissəsinə uyğun olaraq, möminlər iki yerə bölünürsə, demək onları gözləyən mükafat da fərqlidir. Kiçik sürünün nümayəndələrinin böyük hissəsi 1918-ci ildə dirilib, qalanları öldükdən dərhal sonra diriləcək. Kiçik sürünün bütün nümayəndələri səma səltənətində həzzlər içində əbədi yaşayır. Böyük sürünün nümayəndələri mömin həyatlarına görə mükafatı Armagedon hadisəsindən sonra alacaqlar. Əvvəl ölmüşlər diriləcək, Armagedondan sağ çıxmışlar ölümdən azad ediləcək, onların bədənləri təzələnəcək. İsa Məsih ölüləri dirildəcək. Böyük sürünün bütün nümayəndələri yerdə əbədi həzzlər içində yaşayacaq.

Təlimin dördüncü hissəsində, adventistlərin təlimində olduğu kimi, tövbə etməmiş günahkarların və kafirlərin cəzalandırılmasından danışılır. Bu kateqoriyadan olan insanların, əvvəllər ölmüş hissəsi dirildilməyəcək, qalanları isə Armagedon zamanı məhv ediləcək.

Bu təlimdə beşinci hissə də vardır. Söhbət burada, obyektiv səbəblərdən Yahova şahidləri təlimi haqqında eşitməmiş insanların dirildilməsindən gedir. Onlar ilk dəfə həyatlarında haqq sözü eşidəcəklər. Onların bir hissəsi Yahova şahidləri təlimini qəbul etmədiyinə görə məhv ediləcək, qalanları isə böyük sürüyə qoşularaq əbədi həzzlər içində yaşayacaqlar.

Rəbbin Süfrəsi Haqqında Təlim (Xüsusi Qat)

Yahova şahidlərində Rəbbin süfrəsi təkcə ayin deyil, həm də bayramdır. Yahova şahidləri onu ildə bir dəfə, 14 Nisanda (yəhudi pasxasının birinci günü) icra edirlər. Bu, Yahova şahidlərinin keçirdiyi yeganə bayramdır. Burada məqsəd, baptistlərdə olduğu kimi, xatırlama ideyasıdır. Başqa xristian məzhəblərinin “çörək və şərabdadma” adlandırdığı bu ayin Yahova şahidləri təlimində tamamilə dəyişdirilmişdir. Belə ki, çörək və şərabdan yalnız “məsh olunmuşlar” (səma sinfinin nümayəndələri) dada bilər. Qalanları isə onu ayin zamanı əldən-ələ ötürməlidirlər.

1914-cü il Haqqında Təlim (Xüsusi Qat)

Yahova şahidlərinin təliminə görə dünyanı sarsıtmış 1914-cü il bəşəriyyətin taleyində dönüş ili olmuşdur. Həmin ildə aşağıdakı hadisələr baş vermişdir:

1. İsa Məsih İblisi və şeytanları göydən Yerə qovmuşdur;

2. İsa Məsih Yahovadan “Səma sultanı” titulu almışdır;

3. Yerdə İsa Məsihin ikinci iştirakı başlamışdır

 

Yahova şahidləri təlimində bu müddəalar Bibliya mətnlərinin təhlili əsasında çıxarılmışdır. Bunların məntiqi ardıcıllığı aşağıdakılardır:

Birincisi, Zəburda (109:1) deyilir ki, Rəbb, yəni İsa Məsihin səma hökmranlığı, Onun səmaya çəkilmə anından başlanır. O, bir müddət Allahın sağ tərəfində əyləşib, Rəbbin düşmənlərinin məhv ediləcəyi zamanın gəlişini gözləyəcək. İbranilərə Məktubda da (10:12-13) İsa Məsihin Allahın sağ tərəfində oturduğu və düşmənlərin məhv ediləcəyi zamanı gözləməsi təsdiq edilir.

İkincisi, “Gözlənilən zaman” İsa Məsihin edam anından deyil, Yerusəlim məbədinin babillilər tərəfindən dağıdıldığı ildən, yəni b.e.ə.607-ci ildən götürülür. Hökmdarlar Kitabı (3) 11-ci surə 36-cı ayədə Yahova Yerusəlim şəhəri haqqında deyir ki, “ ......Mənim adımım orada qalmasından ötrü seçdim”.

Üçüncüsü, Daniel peyğəmbər demişdir ki, Yerusəlimin məhvi “yeddi zaman” davam edəcək (Daniel, 4:20).

© 2016 Azər Cəfərov yazıçı 

bottom of page